Bakı Marafonu - 2019

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. 

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

“Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.   Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək. 


Marafonun strateji hədəfləri aşağıdakılardır:


- İdmanı inkişafına dəstək göstərmək;
- Sağlam həyat tərzini təbliğ etmək; 
- “Bakı Marafonu”nu nüfuzlu marafonlardan birinə çevirmək və xarici idmançıları, qonaqları bu yarışda iştirak etməyə həvəsləndirmək, o cümlədən turistləri ölkəmizə cəlb etmək.     

Dəyərlər


“Bakı Marafonu”nun daşıdığı dəyərlər onun loqosunun əsas elementi olan lentdə öz əksini tapıb. Lent dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq. Lentin əks etdirdiyi hər bir dəyər xüsusi məna daşıyır:
Birlik - xeyirxah və sağlam məqsədlər ətrafında insanları birləşdirmək;
Sağlamlıq - gəncləri fiziki cəhətdən daha güclü olmağa və idman vasitəsilə daha sağlam həyat tərzi keçirməyə təşviq etmək;
Həmrəylik - insanları xeyirxah məqsədlər naminə birləşdirmək;
Pozitivlik - yarışda iştirak etməklə pozitivliyi təşviq etmək.    

Loqonun fəlsəfəsi

 
Loqo özündə Bakı şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementləri birləşdirir.

Kolibri - dayanmadan uzun məsafə qət edən, enerjisini və sürətini mükəmməlcəsinə idarə edə bilən unikal canlı. Kolibrinin uzaq məsafələrə uçuşu marafon qaçışının fəlsəfəsi ilə həmahənglik təşkil edir. Belə ki, marafon iştirakçıları da finişə çatmaq üçün öz enerjisi və sürətinə nəzarət edərək, bu quşun hərəkət üsulundan istifadə etməli olurlar.

Külək - Bakının əsas rəmzlərdən biri. Bakıya həm də küləklər şəhəri deyirlər. “Küləyə qalib gəl” və “Küləyin arxasınca get” (“Küləyi izlə”) şüarları da Bakının bu simvolundan ilhamlanaraq seçilib. Küləklər şəhəri Bakıda iki istiqamətli – şimaldan əsən Xəzri və cənubdan əsən Gilavar – külək var. Bu konsepsiyadan çıxış edərək biz iştirakçılardan təkcə küləyin sürətinə deyil, həm də gündəlik stressə, neqativ fikirlərə və tənbəlliyə qalib gəlmələrini gözləyirik. Biz inanırıq ki, “Küləyə qalib gəl” şüarı iştirakçılara bir-biri ilə əlaqəli olan məşq, motivasiya, intizam və zamanın səmərəli bölüşdürülməsi kimi vacib faktorların öhdəsindən gəlməyə həvəsləndirəcək.

Paraqraf işarəsi - bu tədbirin reallaşdırılması ilə ölkənin idman tarixində yeni paraqrafın başlanmasını nəzərdə tutur. Bu işarə, həmçinin iştirakçıların həyatında da yeni başlanğıclar olacağından xəbər verir. 

Lent - dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq.

Açıq yaşıl rəng - lentlərin əsas rəngi Azərbaycanda marafonun yaranmasını və bunun müsbət enerji gətirmək məqsədi daşıdığını ifadə edir.   



Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

05 May 2019 Xəbərlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 
Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 23 aprel

23 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 21 aprel

21 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar