Bakı Marafonu - 2017

2017-ci il aprelin 30-da Bakı şəhərində marafon yarışının keçirilməsi nəzərdə tutulub. Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirir.
“Bakı Marafonu - 2017”nin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. 
“Bakı Marafonu - 2017” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur.
“Bakı Marafonu - 2017”nin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Tədbirin əsas hədəfləri idman sənayesinin inkişafını sürətləndirmək, gəncliyi sağlam və balanslaşdırılmış həyat tərzinə həvəsləndirməkdir.  
Marafon heç bir dövlət təşkilatı tərəfindən maliyyələşdirilmir, tədbirin xərcləri sponsor və qeydiyyatdan keçən iştirakçıların ödənişləri hesabına ödənilir.
İnanırıq ki, “Bakı Marafonu - 2017” individual fiziki və zehni sağlamlığa töhfə verəcək, insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olduğu cəmiyyətdə ictimai birlik hissini də yaradacaq.  
“Bakı Marafonu - 2017” paytaxt Bakıya təkcə idman festivalı sevincini gətirməyəcək, eyni zamanda yenilikləri ilə də marafon həvəskarlarını sevindirəcək. Ötən marafondan fərqli olaraq, builki yarışda hər 2 kilometrdən bir yardım məntəqələri quraşdırılacaq. Yardım məntəqələrində tibbi yardım nöqtəsi, su, sanitar qovşaq fəaliyyət göstəriləcək.
Qeyd edək ki, ilk marafon yarışı - “Bakı Marafonu - 2016” ötən il mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi marafona Dövlət Bayrağı Meydanından start verilib.
 
Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb. Yarı marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.
 
Yarışın finiş xətti və medal təltifetmə mərasimi Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov (Azərbaycan), ikinci Georqi Dameniya (Gürcüstan)  və üçüncü Tural Sadıxlı (Azərbaycan) çatıb. Qadınlar arasında Rahidə Aslanova (Azərbaycan) birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli (Azərbaycan) isə finişi üçüncü keçib.
 
Təşkilatçılar tərəfindən birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olunub.

“Bakı Marafonu - 2016”da 7000-dən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəmə etməyiblər.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi də qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olublar. Marafona, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən gəlib qoşulanlar da oldu.
Bundan əlavə, marafon günü Bakı Olimpiya Stadionunda hər kəs üçün açıq olan fan-zonalar təşkil olunub. Burada iştirakçılar üçün müxtəlif əyləncə, konsert və şənlik, oyunlar, lotereyalar keçirilib. Uşaqlar və böyüklər üçün 20-dən çox əyləncə növü – futbol, lotereya oyunları, mini sirk, animatorlar və konsert təşkil edilib. Fan-zonanın hər bir ziyarətçisi marafonun finişinə çatanları şəxsən qarşılamaq və qalibləri təbrik etmək imkanı qazanıb. Ziyarətçilərin rahatlığı üçün xüsusi marşrut təşkil edilib. Fan-zona bütün yarış günü ərzində fəaliyyət göstərib.



 

Loqonun fəlsəfəsi

Loqo özündə Bakı şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementləri birləşdirir. Bu elementlərdən biri küləkdir.
Külək - Bakının əsas rəmzlərindən biri hesab edilir. Bakını əbəs yerə “küləklər şəhəri” adlandırmırlar. “Küləyə qalib gəl” və “Küləyin arxasınca get” (“Küləyi izlə”) şüarları da Bakının məhz bu simvolundan ilhamlanaraq seçilib. 
Biz inanırıq ki, “Küləyə qalib gəl” şüarı marafon iştirakçılarını məşq, motivasiya, intizam və zamanın səmərəli bölüşdürülməsi kimi vacib faktorların öhdəsindən gəlməyə həvəsləndirəcək və onları finiş xəttinə qədər aparacaq.
Loqoda diqqəti çəkən digər element isə lentdir. Lent - dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq.   
Açıq yaşıl – lentlərin əsas rəngidir. Bu rəng Azərbaycanda marafonun yaranmasını, eləcə də marafonun sağlamlıq və birlik adına müsbət çalarlar daşıdığını ifadə edir.  

Marafonun strateji hədəfləri:

İdmanı inkişaf etdirmək - idman tədbirləri üçün auditoriya toplamaq və bu tədbirləri gəlirli etmək;
Sağlam həyat tərzini təbliğ etmək – insanları idmanla məşğul olmağa həvəsləndirmək; 
Turist cəlb etmək – “Bakı Marafonu”nu nüfuzlu marafonlardan birinə çevirmək və xarici idmançıları, qonaqları bu yarışda iştirak etməyə həvəsləndirmək.   
                   

Dəyərlər

“Bakı Marafonu”nun daşıdığı dəyərlər onun loqosunun əsas elementi olan lentdə öz əksini tapıb. Lent – dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq. Lentin əks etdirdiyi hər bir dəyər spesifik anlamlar daşıyır:
-Birlik - xeyirxah və sağlam məqsədlər ətrafında insanları birləşdirmək;
-Sağlamlıq - gəncləri fiziki cəhətdən daha güclü olmağa və idman vasitəsilə daha sağlam həyat tərzi keçirməyə sövq etmək;
-Həmrəylik - insanları xeyirxah məqsədlər naminə həvəsləndirmək;
-Pozitivlik - yarışda iştirak etməklə pozitivliyi təşviq etmək.      

Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib

05 Jul 2017 Xəbərlər
Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan 21 km məsafəyə yürüş keçirilib. Sportinfo.az xəbər verir ki, marafon yarışı “Baku Marafon Club” və “Baku runners” qacış klubunun təşkilatçılığı ilə baş tutub.
Ətraflı Oxu

Bakıda Olimpiya qaçış günü keçirilib

05 Jul 2017 Press relizlər
İyunun 24-də Bakıda Beynəlxalq Olimpiya Günü və Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyinə həsr olunmuş Olimpiya qaçış günü keçirilib.

Ətraflı Oxu

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar