Bakı Marafonu - 2018

2018-ci il mayın 13-də Bakı şəhərində üçüncü dəfə marafon yarışı keçiriləcək. Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. “Bakı Marafonu-2018” layihəsinin eksklüziv tərəfdaşı “AzercellTelekom” şirkətidir.  Layihənin icrasını isə “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirir. 

“Bakı Marafonu - 2018”in məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. 
“Bakı Marafonu - 2018” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

İnanırıq ki, “Bakı Marafonu - 2018” individual fiziki sağlamlığa, insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olmasına, xeyirxah amallar ətrafında həmrəyliyə öz töhfəsini verəcəkdir.  

Ötən marafonlarda olduğu kimi, bu il də hər 3 kilometrdən bir yardım məntəqələri quraşdırılacaq. Yardım məntəqələrində tibbi yardım nöqtəsi, sanitar qovşaq fəaliyyət göstərəcək və su paylanılacaq.

Qeyd edək ki, Bakıda ilk marafon yarışı 2016-cı il mayın 1-də, ikinci yarış isə 2017-ci il aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilib. Hər iki marafona Dövlət Bayrağı Meydanından start verilib, yarışın fan zonası isə finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda yaradılıb. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi əyləncə proqramları təşkil olunub. 

Yarışların təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda keçirilib. 

Marafonların qalibləri iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub.

“Bakı Marafonu - 2016” da kişilər arasında Azərbaycandan Namiq Əsədov birinci, Gürcüstandan Giorgi Damenia ikinci, Azərbaycandan Tural Sadıxlı isə üçüncü yerin sahibi olub. Qadınlar arasında Azərbaycan vətəndaşı Raidə Aslanova birinci, britaniyalı Nataşa Piterson ikinci, Azərbaycandan Rəqsanə Rəcəbli isə üçüncü yeri qazanıb. 

“Bakı Marafonu - 2017”də isə kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan birinci, Üzeyir Söyləməz ikinci, rusiyalı Vladislav Demyanov üçüncü yerə çıxıb. Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Kişi və qadın kateqoriyaları üzrə ilk yerin sahibi 3000, ikinci yeri tutan 2000, üçüncü yerə çıxan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, Bakıda 2016 və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak etmişdi. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu. 



Loqonun fəlsəfəsi


Loqo özündə Bakı şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementləri birləşdirir.

Külək - Bakının əsas rəmzlərindən biri hesab edilir. Marafonun “Küləyə qalib gəl” şüarı da Bakının küləklər şəhəri olmasından irəli gələrək seçilib. 

Biz inanırıq ki, “Küləyə qalib gəl” şüarı marafon iştirakçılarını məşq, motivasiya, intizam və zamanın səmərəli bölüşdürülməsi kimi vacib faktorların öhdəsindən gəlməyə həvəsləndirəcək və onları finiş xəttinə qədər aparacaq.

Loqoda diqqəti çəkən digər element isə lentdir. Lent dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq.   

Açıq yaşıl - lentlərin əsas rəngidir. Bu rəng Azərbaycanda marafonun yaranmasını, eləcə də marafonun sağlamlıq və birlik baxımından müsbət çalarlar daşıdığını ifadə edir.  

Marafonun strateji hədəfləri:


- İdmanın inkişafında dəstək göstərmək;
- Sağlam həyat tərzini təbliğ etmək; 
- “Bakı Marafonu”nu nüfuzlu marafonlardan birinə çevirmək və xarici idmançıları, qonaqları bu yarışda iştirak etməyə həvəsləndirmək, o cümlədən turistləri ölkəmizə cəlb etmək.   
                   

Dəyərlər


“Bakı Marafonu”nun daşıdığı dəyərlər onun loqosunun əsas elementi olan lentdə öz əksini tapıb. Lent dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq. Lentin əks etdirdiyi hər bir dəyər xüsusi məna daşıyır:

Birlik - xeyirxah və sağlam məqsədlər ətrafında insanları birləşdirmək;
Sağlamlıq - gəncləri fiziki cəhətdən daha güclü olmağa və idman vasitəsilə daha sağlam həyat tərzi keçirməyə təşviq etmək;
Həmrəylik - insanları xeyirxah məqsədlər naminə birləşdirmək;
Pozitivlik - yarışda iştirak etməklə pozitivliyi təşviq etmək.      

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

03 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

“Bakı Marafonu - 2018” Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

02 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları aprelin 2-də Bakı Slavyan Universiteti, ardınca Azərbaycan Dillər Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 600-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar